Azərbaycan Televiziyasının “AZTV XƏBƏR” informasiya proqramında Ermənistan işğalından azad edilmiş Bala Göyçə gölündən geniş reportaj yayımlanıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, çəkiliş qrupunun hazırladığı reportajda əsgərlərimizin işğaldan azad olunan ərazilərdə necə qürurla xidmət etdiyi əks olunub.
Bala Göyçə gölü Buğdadağın ətəyində yerləşir. Bir müddət əvvələ kimi erməni təxribatçılar gölü və ətraf əraziləri atəş altında saxladığından hər kəs bu təbiət möcüzəsinin suyundan, gözəlliyindən məhrum idi. Lakin müzəffər Azərbaycan Ordusu bu həsrətə son qoyub.
Komando birliklərində xidmət edən Elnur Mustafayev bildirib ki, bura strateji əhəmiyyəti olan yüksəklikdir: “Azərbaycan Ordusu Bala Göyçəyə nəzərəti ələ keçirdi. Artıq bu ərazidə söz və güc sahibiyik. Ordumuz burada rəşadətlə xidmət aparır”.
Gölün ətrafında yetərincə minalanmış ərazi var, lakin minalar təmizlənir və ya zərərsizləşdirilir.
Polkovnik-leytenant, hərbi hissə komandiri Saqi Babayev deyib ki, yüksəkliyə nəzarət bərpa olunandan sonra istiqamətlər üzrə yeni yollar çəkilir.